Bank sisteminə səhv diaqnoz qoyulub, yanlış dərman verilir | TƏHLİL

   Bank sisteminə səhv diaqnoz qoyulub, yanlış dərman verilir    | TƏHLİL
  20 Dekabr 2023    Oxunub:3436
Banklarda yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergilərə güzəşt tətbiqi qismən bərpa olunur. Bu ilin fevralın 1-də 7 illik fasilədən sonra bu sahədəki bütün güzəştlər ləğv olunmuşdu. Söhbət Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən 7 il müddətinə yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi haqqında qərarın müddətinin başa çatmasından gedir.
Cari ilin fevralın 1-dək əmanətlər üzrə gəlirlər tam olaraq ödənilirdi. Həmin tarixdən əmanətlər üzrə gəlirlərdən 10% vergi tutulmağa başlandı. Bu da banklarda əmanətlərin yerləşdirilməsinə bir növ maneəyə çevrilərək, az qala mənfi tendensiya üçün zəmin yaratdı. Əhalinin banklardakı əmanətlərinin azalması ilk dəfə məhz fevralda qeydə alındı - 0,2% səviyyəsində. Sonrakı aylarda - mart, aprel, may və iyunda isə əmanət həcmi artmaqda davam etdi. Sual yaranırdı: Əmanətlərin həcminin azalması əgər gəlirlərdən 10% vergi tutulmasının bərpasının təsiri nəticəsində başladısa, bəs, sonrakı aylarda niyə mənfi tendensiya davam etmədi?!

Sentyabrın sonuna ev təsərrüfatları sahiblərinin əmanət həcmi 12 milyard 580 milyon 100 min manat təşkil edib. Cari ilin 1 noyabr tarixində bu rəqəm 12 milyard 271 milyon 200 min manat olub. Bu, 1 ay əvvəllə görə 1.2% və ya 147 milyon 300 min manat az deməkdir. Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətləri üzrə baş vermiş bu azalma Mərkəzi Bank tərəfindən lisenziyası geri alınaraq bağlanılan banklarla əlaqədar izah edilir.

İllik müqayisədə fiziki şəxslərin əmanətlərinin həcmi 9% artıb. Demək, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə zəmin yarada bilməz. Yalnız müəyyən psixoloji təsirlər və xof ortaya çıxara bilərdi ki, bu da keçici xarakter daşıyacaqdı. Ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri möhkəmdir, xarici valyuta ilə yığıma maraq yoxdur. Üstəlik, söhbət əmanətin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən 10%-lik gəlir vergisinin tutulmasından gedir.

Bəs problemin kökü əslində nədədir?

Müəllifin digər yazıları:
Yeni inflyasiyadan qorxmalıyıqmı? | Şərh
Xarici ticarətimiz niyə azalır? | TƏHLİL
Gələn ilin sualı: Minimum əməkhaqqı niyə artırılmayacaq? | TƏHLİL

Əmanətlərin həcminin zəif tempdə artması başqa səbəblərlə əlaqədardır:
• Ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı bahalaşması səbəbindən əhalinin gəlirlərinin bir hissəsini əvvəlkitək yığıma yönəldə bilməməsi;
• Banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsinin aşağı olması;
• Banklara inam;
• Mövsümi amillər.

Əmanətlərinin azalma səviyyəsi çox deyil. Azalma il ərzində yalnız fevral, iyul və avqust ayları ərzində və bir də oktyabrda qeydə alınıb. İyul və avqust əhalinin xərclərinin adətən artıq xarakter daşıdığı aylar sayılır, oktyabrda isə bir bank bağlanıb. Söhbət ondan getməlidir ki, ölkədə vətəndaşların banklara əmanət qoyuluşunun həcmi ümumən qənaətbəxşdir, yoxsa yox? Əlbəttə, yox!

Əhali banklara uzunmüddətli etibar etmir. Vəsaiti çox olanlar onu banka əmanət kimi qoymağa deyil, daşınmaz əmlaka yatırmağa üstünlük verirlər. Niyə? Çünki daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan depozitdən daha risksiz xarakter daşıyır. Ona görə də banklarda yerləşdirilmiş qısamüddətli əmanətlərin həcmi uzunmüddətlidən bir neçə dəfə çoxdur. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81% təşkil edir Mərkəzi Bankın sədri Taleh Kazımov bunu “narahatedici fakt” adlandırıb.

Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da vurğulayıb: “30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73% təşkil edir. Əhali daha çox 30 min manatadək məbləğdə əmanətlər yerləşdirir".

Hesab edirəm, problemin kökü də məhz bunda axtarılmalıdır. Qeyd olunan rəqəmlər əslində banklara inam olmadığını və gəlirliliyin qaneedici xarakter daşımadığını göstərir. Şərt o deyil ki, banka qoyulan pul kütləsi və depozit bankın iflası nəticəsində batma təhlükəsi altında olsun. Ölkədə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərdiyindən, bağlanan banklarda heç nə batmayıb. Həmin vəsait dəyərini itirə və inflyasiyaya uğraya bilər. Bundan heç bir sığorta mexanizmi yoxdur. Söhbət sığortalı əmanətlərdən gedir. Bu cür əmanətlər milli valyutada illik maksimum 12%, xarici valyutada isə 2,5% ilə yerləşdirilir. Eyni banka 100 min manatadək əmanət qoymaq olur. Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə bağlı banka qoyulan istənilən vəsait risk altında sayılır.

Daşınmaz əmlaka yatırılan vəsait isə heç bir gəlir gətirmədiyi halda belə, yatırıldığı vaxtdakı dəyərini qoruyub saxlayır. Çünki daşınmaz əmlak bazarında qiymətlər heç vaxt enmir. Odur ki, əhali sərbəst vəsaitlərinə daha çox ev, torpaq, obyekt almağı üstün tutur. Ancaq banklar bu vəziyyətdə sükut nümayiş etdirməli, passiv mövqe tutmalıdırlarmı?! Sərbəst vəsaitlərin axınına sadəcə tamaşa etməlidirlərmi? Xeyr!

Banklar əhalinin inamını qazanmaq üçün depozit cəlbini stimullaşdırmalı, bu sahədə müvafiq addımlar atılmalı, biri-birləri arasında ciddi rəqabətə girməlidirlər. Bəli, əhalinin dolanışıq səviyyəsi çətinləşib, bahalaşma və inflyasiya ilə əlaqədar gəlirlər əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratmır, istehlak xərcləri artıb, yığım imkanları daralıb və s. Ancaq əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib, vətəndaşlar bunda stimul görmürlər. Əmanətlərin Sığortalanması Fondu və banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyillər. Dividendlər üzrə vergiyə güzəşt tətbiqinin zəruri olması haqqında isə geniş danışılır. Bunun ləğvinin banklarda əmanətlərin həcminə mənfi təsir etdiyi israrla iddia olunur.

Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri qismən, yəni diferensiallaşdırılmış şəkildə olmaqla yalnız iki formada bərpa ediləcək. Birincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad ediləcək. İkincisi isə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez ödənilmədiyi zaman hesablanan faiz gəlirləri 3 il müddətinə tam olaraq vergidən azad ediləcək.

Sosial aspekt və stimullaşdırıcı amillər baxımından bu güzəştlər səmərəli və bəlkə də vacibdir. Ancaq istənilən güzəşt sektorun inkişafı üçün zərərlidir və ciddi ləngidici amil xarakteri daşıyır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Bank  





Xəbər lenti